Azerbaijani (v1)

Tao Te Çinq - Yol və Kəramət Qanunu

Quotes in Azerbaijani

81 quotes available in this translation

1

"Yolun istiqaməti müəyyəndirsə – o haqq yolu deyil Ad səsləndirilə bilərsə – o əbədi ad deyil Göyün və yerin atası – adsızdır Ad sahibi – saysız-hesabsız cisimlərin anasıdır Ehtirassız halda onun ecazkar sirrini duyarsan Ehtiraslarla dolu olaraq – onun izhar səthini görərsən Biri və başqası – adları fərqli, həqiqi mahiyyətləri eynidir Birgə onlara Sirr Dəryası deyərlər Dəryanın dibində birindən başqasına keçid var – O sirrin zərif möcüzələrinə aparan qapıdır"

2

"Hamı gözəlliyin gözəlliyini dərk edib – buna görə də eybəcərlik peyda oldu Hamı xeyrin xeyirli olduğunu dərk edib – buna görə də şər peyda oldu Ona görə də Varlıq ilə yoxluq bir-birini törədir Çətin və asan biri-birinə gətirib çıxarır Uzun və qısa biri-birlə tutuşdurulur Hündür və alçaq bir-birini təyin edir Səslər bir-birlə həmahəng olur Əvvəl və axır bir-birini növbələyir Buna görə Arif Aqil iş görəndə biəməldir, öyüd verəndə dinməzdir Məşğul olduqda iştirak etmir Yaratdığına yiyəlik etmir Hərəkətdə cəhd etmir Zəhmətini yönəltmir məqsədə Nəticələrlə vaxtını itirmir fəxr edə Buna görə də ruhu tükənməzdir"

3

"Qabiliyyətlilər sayılmazsa – eldə mübahisə və rəqabət olmaz. Cavahiratın dəyəri olmazsa – eldə oğruluq olmaz. Ehtiras doğuran şeylər görünməzsə - qəlblər çaxnaşmaz. Buna görə Arif Aqilin qaydası budur ki, Ürək boş olmalı, qarın isə dolu; Şövq olmalı zəif, özək isə möhkəm. İstək az olmalı – naşükürlük olmasın, Bilik az olmalı – narahatçılıq olmasın. Biliyi çox olanlar isə fəaliyyətdən kənar qalmalıdır, çünki Biəməllik ahəng eylər."

4

"Yolunun içi yox, lakin bu üzdən hər bir şey var və varlığını aşmır Onun səthi yox – ülgünün tiyə xətti kimi incə və zərifdir – lakin özü bütün səthlərin səbəbidir Dəryalar Dəryasından də dərin – o bütün varlıqların ulu cəddinə bənzər Kəskinliyini azalt Şəfəqini boğ Xüsusiyyətlərini tarazla Necə də sakit və aydındır o ali yol! Bilmirəm nədən əmələ gəlib, bilirəm ki ululardan da uludur"

5

"Yernən göyün şəfqəti yox – onlar üçün hər bir varlıq elə bil səmənidir Arif Aqilin şəfqəti yox – onun üçün hər bir adam elə bil səmənidir Yernən göyün arası körüyə bənzəmirmi? Boşluğu da xeyir, boşalması da... Neyə bənzəmirmi? Boş içi hərəkətə gələndə nələr doğur... Çoxlu söz yorar Həddini bilmək yaxşı"

6

"Dərənin (vadi) ruhu ölməzdir – əsrarəngiz Ulu Ana O – zülmətdən aydınlığa, “ola bilər”-dən “var”-a aparan qapıdır Yernən göyün ən dərin kökü ondan doğur Görsənməyən o dönməyi əbədi davam edir Sevgisi, ehmalı isə tükənməzdir"

7

"Yernən göyün ömrü uzundur Yernən göy özləri üçün yaşamırlar yalnız bunun üçün də ömürləri o qədər uzundur Arif Aqil hamıya yol verir, bunun üçün də hamıdan öndədir Öz qeydinə qalmır, buna görə də salamatdır Özünə qarşı deyil mi onun bu yanaşması? Əksinə, keyfiyyətlərin bütövlüyünə çatmağın yolu budur!"

8

"Su bir örnəkdir kəramətin Bütün məxluqlara xeyir gətirər Heç mübarizə etməz, özü üçün ən alçaq yer axtar Onun bu qaydası yola bənzər Evin məziyyəti yaxşı yerdə durmaqdadır Qəlbin – niyyətin dərinliyindədir Ünsiyyətlərin – insanlıqdadır Sözlərin – ixlasdadır Hökmün – xeyri-nizamdadır İşin – məharətdə Hərəkətin – vaxtı-vaxtında olduğundadır Özünü suya bənzədən yanlışlıq etməz"

9

"Qabı ağzına kimi doldursan – aparanda dağılacaq Qab sızırsa – onu doldurmaqdansa qoy boşalsın Bizin itiliyini dəqiqədə bir yoxlasan – kütləşər Həddindən çox itiləsən – yeyilər, yoxa çıxar Hədsiz var-dövləti qorumaq mümkün deyil Rifahı ilə çox öyünənə salamat qalmaq mümkün deyil İşini bitirib kənara çəkilmək – yolu budur"

10

"Axını düzümdən ayırd etməmiş vəhdətini tapmaq mümkündürmü? Nəfəsi an-layib ruhun ali zərifliyinə nail olmaqla körpənin halına çatmaq mümkündürmü? Seyrin güzgüsünü saf edib qüsursuz olmaq mümkündürmü? Bir fənd işlətməmiş sevdiyinə yol göstərmək mümkündürmü? Ana kimi sevərək göyün qapılarını ehtirassız açmaq və bağlamaq, həyatı nəfəs kimi aramla alıb və vermək mümkündürmü? Aləmin dörd yanını da dərk edib biəməl qalmaq mümkündürmü? Həm doğmaq, həm yetişdirmək Yaratdığına malik olmamaq Qət etdiyini iddia etməmək Hökm etdiyinə nəzarət etməmək Budur kəramətin əsl qüvvəsi"

11

"Otuz dəndə birləşib təkərdə, lakin Ortası deşik olmazsa əgər – təkərin xeyri olmaz ki Gildən yapırlar qabı, lakin İçi boş olmazsa əgər – qabın xeyri olmaz ki Evi tikəndə divar içində açırlar qapı-baca, həm də Divarların arasını saxlamazsan əgər boş – evin xeyri olmaz ki Onun üçün də Varlıq yalnız hüdududur yoxluğun Hər bir şeyin əsl dəyəri - onun içidir"

12

"Rənglər çoxluğu gözü kor edər Səslər çoxluğu qulağı kar edər Dadlar çoxluğu tamın şitini çıxardar Ov və cıdır qəlbi küt edər Cavahirat arzusu azğınlıq gətirər Buna görə də Arif Aqil zahiri ilə yox – daxili ilə məşğuldur Birindən imtina edərək başqasına nail olmaq mümkündür!"

13

"Şərəf, rüsvay – bir lərzədir bunlar Ad-san – bir bəladır həyatda Niyə şərəf də rüsvay da bir lərzədir? Çünki onlardan asılı olursan: Şərəfi qorxursan ki qazanmazsan, Qazandın da – qorxursan ki itirərsən. Buna görə şərəf və rüsvay – bir lərzədir Niyə bəs ad-san bir bəladır? Çünki bədəndə olduğumuzdan özümüzün üstündə yaman əsirik Özümüzü əsirgəməsək nə bəlamız ola bilir ki? Bu üzdən: Bəşəriyyətə xidmətdə özünü əsirgəməyənə bəşəriyyət də güvənər Yaşadığı torpağı öz bədənini sevdiyi kimi sevən bir kəs yerdə bərk durar"

14

"Görmək tək baxmaq deyil – daxilən dinc olub ətrafa qovuşmaq deməkdir Eşitmək tək qulaq asmaq deyil – daxilən sakit və boş qalmaq deməkdir Mənimsəmək tək ani anlamaq deyil – zərrə bə zərrə, elə bil özündən gizlin, dərk edib qəbul etmək deməkdir Bu üç qaydanın nəticəsi onların kökü ilə birdir – vahiddir Nədir ki o vahid həqiqət? Zirvəsi nur tanımır Dibi deyil zülmət Sezilməz hərəkəti, lakin ani olsa da belə dayanmır əbədi Adlanılmazdır və hər an yenə də yoxluğa qayıdır Buna deyərəm: formasızlıq forması, vücudsuz vücud Bu surətə deyərəm: mübhəm və qeyri müəyyən Rastlaşıram onunla, lakin üzünü görmürəm Təqib edirəm – lakin arxasını görmürəm Qədim bu yoldan bərk tutsan Gərçəyin açarsan tam sirrini Varlığın duyarsan mənbəyini Buna deyərlər yolun özülü"

15

"Yol əhli-nin qədim ustadları elə incə və zərif ərəfələrə çatmışdır ki Onların bildiklərinin dərinliyi başqaları üçün qaranlıq – bilinməz idi Daxili bilinməzdirsə – zahirinin təsviri ilə eyham edərəm: Qışda çayı keçənlər kimi – diqqətli Dörd yandan təhlükə ilə dövrələnmişlər kimi – ehtiyatlı Evin sahibi ilə üzləşən qonaq kimi – təmkinli, ədəb-ərkanlı Yazda gölün üzündə əriyib-gedən buz kimi – görkəmsiz İşlənməmiş girdin kimi – sadə Vadi kimi – açıq Sel suyu kimi – tutqun Tutqun idilər, lakin sükutları ilə aydınlıq gətirərdilər Biəməl idilər, lakin əbədi dövranı yönərək həyatı bəsləyərdilər Bu yolu qorumaqla kifayətlənərdilər – əlavə istəməzdilər və etməzdirlər. Elə qorunan köhnələr, amma üzülməz."

16

"İçim tam boş, tam asudə olaraq Edirəm səy, bu sükutu səbatla qoruyuram Hər şey özü dövran edir – bitir, çiçəklənir, Toxum atır və qayıdır kökünə O heç nəyə qayıdışı mən seyr edirəm Qismətdir hər şeyə o qayıdış sükuta O əbədi dövran sabitdir, daimidir Bunu bilən – tapar ziya, aydınlığa çıxar Bilməzsə – budur şər – çapalayar çılğınca Dərk et – o son mənzil sirrlər xəzinəsidir Göyün özü hökmdarı onun – səxavətlidir Ora gedən də yol – göylər yoludur – haqq yoludur Yolun da ki nə bədəni var nə də ki nəfsi Demək o dövrandan kənardır – əbədidir"

17

"Ali o hökmdar təbəələrə şüur bəxş edir Lakin bununla nə xeyirxahlıq edir Nə də ki özünə etimad qazandırır Nə qorxutmaq nə də ki lərzəyə salmaq niyyəti var Kor-koranə inanan – bilməz Aydın görən – inanmağı bir yol bilməz Dərrakədən dərin, sözə yerləşməyən və biəməl O hökmünü duyub deyərlər – hər şey təbiidir"

18

"İnsanpərvərlik və ədalət yoldan uzaqdır xeyli Riyakarlıq da yalnız biliyin hədsiz çoxluğuna bağlıdır Sazlıq olmazsa ailədə, onda tələb olar “böyük-kiçik”-ə Vəfa və sədaqətin dəyəri – nizamsızlıq, düzümsüzlük nəticəsidir"

19

"Əllaməlik eləmə – fayda-xeyrin yüz dəfə artar Mürüvvət və ədaləti hər şeydən yüksək bilmə – onda duyarsan övlad hörmətini, və ata-ana sevgisini Məharəti, fərasəti varlanmağın yolu bilmə – amandır bu yol – axırı oğruluq, canilikdir Elm, mürüvvət, fərasət – bu adlar yenidir, lakin üçü də hərislik üfunətini ört-basdır edə bilmir istəsə də Hayıf deyil qədim yol?.. Sadə ol, təbii – bununla mənliyini və ehtiraslarını rəf edərsən Bildiyini unut – dərddən-kədərdən uzaq olarsan"

20

"Hörmətlə nifrətin arasında böyükmü fərq var? Şərlə Xeyiri ayırd etmək mümkündürmü asanca? Ölüm və təklikdən hamı qorxur, lakin onlar labüd müqəddəratdır Həqiqətən isə tarazsızlıq, şübhə dəryası qat-qat dəhşətlidir Ey izdiham, kefdəsən şənlikdəsən, elə bil ki Novruz gəlib ya qurban bayramıdır... Tək mənəm süst, sakit – elə bil heç doğulmayıb arzum Bənzərəm gülməyə öyrənməmiş hələ körpəyə Məyus olmuş bikəs, səfil sərsəriyə oxşaram – nə çatası məqsəd, nə dönəsi yerim var Hamının arzusu – bolluqdur, arzusu da bol Mən sə aldığımı həmən paylayıb saçıram Qəlbim – dəli qəlbidir, mən sə divanə Dünya əhli üçün dünya aydın aşkardır Mən sə fağır, avam və aləmim torandır Dünya əhli təcrübəlidir, maraqlıdır Mən sə ancaq laqeyd, təfavütsüzəm Bir lal axın kimi sakit, küləyin əsməsi kimi hədsizəm Hərənin peşəsi, işi, bir sahəsi var Tək mən sahələrin sərhədində tam faydasızam Başqalardan tək mən fərqli olsam da lakin Hər cür (kobud, zərif) qida yetişdirən Dayə - ana təbiətin - ağuşundan çıxmazam"

21

"Dərkedilməzdir kəramət – hər səthin altı, hər şeyin içidir Yoldur onun mənbəyi də məcrası da Yolun isə özündən nə demək mümkündür ki? Yolun mübhəm özəyində surəti var hər şeyin Onun qeyri-müəyyənliyində bütün məna-mahiyyətlər var Onun inanılmaz zülmətində hər varlığın toxum-mayası var Hər toxumun əsli isə – ali həqiqət, haqqdır Qədimdən indiyə kimi də onun adı daimidir Ondan dərk edilir saysız halların dəyişilməsi Haradan duydum indi saysız halların dəyişilməsini? Buradan"

22

"Qədim bir söz var: Hissə mislidir bütövün – (hissə olsa da yenə də bütövdür) Əyri yalan də yalnız düzlüyün mislidir Boşluq - boşluq ilə doludur Sökmək də tikməyin bir üsuludur Az-az irəliləyən çox bir şeyə çatar Çoxluq üçün qaçan əlbət azar Buna görə Arif Aqil bu vəhdəti duyaraq qəlbən Bənzər göynən yerin arasında çobana Görünmür adətən, lakin özü aydın itigörəndir, Bildirmir haqqını – buna görə haqlıdır Axtarmır şöhrəti və zəhməti qəbuldur Deyil məğrur – buna görə başdadır Bir şeyə deyil zidd – bununla yenilməzdir Deyil boş söz o qədimi kəlmə: “Mislidir Bütövün Hissə” Bütöv olan bunu kamil bilər"

23

"Sükut labüddür, təbiidir – sözün hüdudu var bəlli Bütün günü çəkməz əlbət səhərin şiddətli yeli Leysan da ki əlbət yağmaz sonsuz olaraq şimşəkli Budur yer-göyün hallarının qaydası Və əgər yer-göydəki şiddətlər uzun çəkmir Haradan olsun insanda o hey? Buna görə, yol adamı Yolunu getsə – yol ilə bir olar Təmiz qəlbi ilə kəraməti duysa – kəramət ilə bir olar İtirsə – itirdiyi ilə bir olar Yol ilə bir olan isə yolunu tapar Kəramət ilə bir olan isə kəramətini tapar İtirdiyi ilə bir olan isə itirdiyini tapar İnam kifayət deyil deyə, sübut-dəlil də yoxdur"

24

"Yolun əvvəlində duran dayanıqlı olmaz Tələsən – tez yorular, uzaqlara çatmaz Özünü göstərən aydınlıq tapmaz Haqqını düşünən haqqı tapmaz Özünü zorlayan müvəffəq olmaz Özünü əsirgəyən kamilləşə bilməz Yol adamı üçün bu çapalama artıq yük, ağır qida kimi mənfurdur Yolu düz gedən bunlara ilişməz"

25

"Birbaşa xaosdan yaranmış – qeyri-müəyyən, formasız Yer-göydən doğulmamış – olub onlardan əvvəl Səssiz! Səthsiz! Təkdir və dəyişməzdir – nə əvvəli var nə axırı Hər tərəfə uzanır və tükənməzdir – qarşısı yoxdur Yer-göyün Ulu Anasına bənzər Bilmirəm adını İşarə edərək ona Yol deyirlər Ad vermiş olsam, deyərəm ona Böyük Böyükdür – deməli sezilməzdir Sezilməzdir – deməli hüdudsuzdur Hüdudsuzdur – deməli zidd əksləri birləşdirir Buna görə də Yol böyükdür Göy böyükdür Yer böyükdür İnsan da böyükdür Kainatda dördü böyükdür – İnsan da onlardan biridir Adamın qanunu - yerdəndir Yerin qanunu - göydəndir Göyün qanunu - yoldandır Yolun da ki qanunu özündəndir"

26

"Yüngüllüyün köküdür, ağırlıq, və əsasıdır Makam, sükutdur əsl sahibi hərəkətin Bundan yolu gündüz-gecə yorulmadan gedərək Yük çəkməkdən qaçmağı yoxdur Arif Aqilin Ətrafdakı ilğımların – dövlət, saray, geniş imkanların xəyalına uymaz – bir fəsilə gələn bir qaranquş kimi yüngül və qayğısız o qonağıdır aləmin Cazibənin vəsvəsəni qıran tapar yüngüllüyü Azad olmaq üçün dayaq-söykənəcək axtarma"

27

"Kamil yolçu yolda nə iz görər nə də ki iz qoyar tapılası Kamil natiq nə duruxmaz nə də ki suala bir yer saxlar veriləsi Haqq-hesabı kamil edən çötkə-rəqəm bilməz Kamil bir plan düzən qəti planlaşdırmaz Bir qapını bir kəs kamil bilirsə qapada – o qapıda olmaz kilid, qıfıl-cəftə, məhz qapalıdırsa – heç açılmaz onda Və bir bağlamanı kamil düyünləyə bilsə – onu bağsız elə düyünləyər ki, məhz onu bir şey saxlamasa da açılmaz Buna görə Arif Aqil kamilliyi yetişdirərək Hər kəsi bəsləyir, və heç kəsdən döndərmir üzünü Hər şeyi bəsləyir, və heç nədən döndərmir üzünü Buna deyirlər “dərinlikdən saçan nur” Lakin Başqasını təkmilləşdirmək istəyənin öyüd-nəsihəti xeyir gətirməz Əsl yardımçı ola bilənin iltifat etmək niyyəti olmaz Öz öyüd-nəsihətini qiymətli bilmə Malik olduğunun qədrini bilmə Çünki bilik – böyük yanılmadır Budur sirli həqiqət qurşağı"

28

"Kişilik sərtliyini duyub qadınlıq incəliyini gözləyən Bənzər göyün altındakı bütün çayları birləşdirən dəryaya Dəryaya bənzəyəni kəramət tərk etməz Tərk etməzsə bir kəsi kəramət, qaytarar o kəsi uşaq halına Nurunu duyub zülmətini gözləyən Olar göyün altındakı bütün varlığın örnək-ölçüsü Göyün altındakı bütün varlığın örnək-ölçüsü olanı kəramət qüsursuz saxlar Bir kəsi kəramət qüsursuz saxlarsa, qaytarar o kəsi hədsizliyə Ağ gününü görüb qara gününə şükür edən Bənzər göyün altındakı ucsuz-bucaqsız bir dərəyə Dəryaya bəzəyən kəramət ilə dolu olduğuna qane olar Kəramət ilə dolu olduğuna qane olan qayıdar ilk yonulmamış halına Yonulmamış təbiət şaxələnərək yayılır və kəraməti yayır Budur Arif Aqilin qüdrətinin mənbəyi Bundan da, haqqın hökmü zor etməz və qabağı alınmazdır"

29

"Cəhd ilə, zor ilə, əməl ilə, təsir ilə göyün altındakı aləmi fəth edib ona istədiyi kimi hökm etməyə səy edən müvəffəq olmaz – aydın görürəm bunu Həqiqət – ruhun sirrləri ilə dolu müqəddəs bir piyalədir Ona heç bir təsir yol verilməzdir Ona hökm etmək istəyən – məhkum olar Ona sahib olmaq istəyən – onu itirər Halların axını dəyişkəndir Gah öndəsən, gah arxada Gah yanırsan, gah buzlayırsan Gah qüvvətlisən, gah da zəif Gah yaradırsan, gah da dağıdırsan Buna görə də, Arif Aqil Artığı istəməz İfratlardan çəkinər Çoxluqdan uzaqlaşar"

30

"Düz yolunu gedən xidmət edər adamlara, İnsana Silah və gücünü işlətmədən təsir edər hər yana Çünki hər bir təsir tarazlanır uyğun cavab taparaq Xarabalıq, tikan cəngəlliyi – cəngin izidir Yoxsul illər – böyük orduların mütləq izidir Əsil qalib zora heç ehtiyac duymaz – çəkinər Qələbəni öyünmədən qəbul edər Hücum etməz, cəngsiz qalib gələr Tükəndirməz, üzməz – qalib gələr Qalib gələr ki, ehtiyac duymaz – çəkinər Bir kəs yetkin olaraq üzülürsə – o yolunda deyil Yolunda deyilsə – demək axırı yaxındır"

31

"Döyüş silahların ən gözəli, ən yaxşısı belə - qorxu və dərd-qəmin bir alətidir Ona hər bir bəndə nifrət edər Yol adamı isə heç istəməz onu alsın ələ Əsil adam hörmət edər barışığa, sülhə Digər çıxış olmazsa, yalnız, əl atar cəngə Əsil adam silahları alət bilməz Onlar qorxu və dərd-qəmin bir alətidir Ehtirassız sükut üstündür hər şeydən Və qələbə olsa da fəxr edək nədən? Bir çox bəndələrin ölümünə mi sevinək? Ölümə şad olar yalnız ruhsuz bədən Qələbədən sonra yürüş-mərasimdə Sərkərdəni aparar qoşun əllərdə Eynən ölüləri aparar ailələr Yas yerindən yürüyəndə dəfnə Minlər qırılanda necə olmasın qəm-kədər Buna görə zəfər mərasimi yasa bənzər"

32

"Əbədi yol adlanılmazdır, dəyişməzdir Heç bir şeyə onun yoxudur nisbəti Yalnız özü-özünə müadildir Alilər ona əməl-riayət edirsə Bütün varlıqlar ona təslim və tabe olur Yer-göy ona köklənərək şəbnəm yetirir İnsanlar bir kəsin göstərişi ilə yox – Təbii olaraq sülh tapır İdarəetmə isə fərqləndirməni tələb edir Bundan adlar və sözlər çoxluğu əmələ gəlir Sözün ağası sözlərin hüdudunu tanıyır Buna görə də dərd-bəladan uzaqdır Çünki yolayrıcılar çox olsa da - yol birdir Axınlar çox olsa da axırları dənizdir"

33

"İnsanları dərk etmiş Aqildir Özünü dərk etmiş isə - Arif İnsanlara hökm edən qüvvətlidir Özünə hökm edən isə - qüdrətli Bütövlükdə halı ilə razı olan - varlıdır Bütöv olaraq yolu davam edən isə - vardır Özünü tapıb itirməyən uzunömürlüdür Ölümündən sonra da yox olmayan isə - əbədi"

34

"Ey hər yana aşıb-daşan yol! Solda olduğu qədər sağdadır! Hər bir varlıq ondan əmələ gəlir və ona uyğun olmaqdan qaçmır Hər şeyi yaradır, lakin nəinki məşhurdur – heç adı da yoxdur Hər şeyi bəsləyir və bəzəyir, lakin hökm sürməyə niyyəti yoxdur Görünməzdir, lakin deyərsən mi ona "cüzi"? Bütün varlıqlar ona qayıdır, lakin o özünü onların sahibi bilmir Buna görə deyirlər ona "böyük!" Arif Aqil iş tərzini bu örnəkdən alar Özünü qabağa verməyərək uğur tapar"

35

"Yolun ulu örnəyindən möhkəm yapış – ziyan olmaz Onda bütün dünya tapar sükut, sülh, bütövlük Onda yolçu tapar öz yurdunu – makamını Səssiz ahəng ilə, sevinc ilə dolu ali rahatlığı İncə, zərif o yol sözün hüduduna sığmaz Dadsız və qoxusuz – nə görünər, nə də eşidilər Ondan faydalansan belə – heç tükənməz"

36

"Toplamaq olsun deyə Paylayan olmalı gərək Bir şeyi yumşaldıb zəiflətmək olsun deyə Onu əvvəl bərk və güclü edən olmalı gərək Bir şeyi yıxıb tənəzzülə gətirmək olsun deyə Onu əvvəl yüksəldib inkişaf etdirən olmalı gərək Bir şeyi zorla almaq olsun deyə Onu verib bağışlayan olmalı gərək Buna deyərlər - gizli aydınlıq Yumşaq möhkəmi məğlub edir Zəif güclünü yıxır İri balıq dərində gizlənər Ölkənin ən iti silahını camaata göstərməzlər"

37

"Yol daima biəməldir, buna görə hər bir əməl onun əməlidir Alilər bu tərzi qəbul edirsə, hər bir şey öz təbii qaydasına düşür Qaydasında olan isə sözsüz sadəliyə üstünlük verir Adsız sadəlik həvəs-ehtiras tanımır Bağlılıqdan azaddır, məqsədsizdir Bu ehtirassızlıq sülh və sükut gətirir Onda bütün Kainat özü sakitləşir"

38

"Ali kəramət sahibinin öz kəramətini büruzə verməyə ehtiyacı yoxdur – buna görə də onun kəraməti var və qorunulur Cüzi kəramət sahibi isə öz kəramətini nümayiş etdirməməyi bacarmır – buna görə də, əslində, onun heç kəraməti yoxdur Ali xeyirxahlıq və insansevərlik mövqeyindən əməl edənin etdiyinə ehtiyacı yoxdur Ali ədalət mövqeyindən çıxış edənin mənəvi borcu var, lakin nə edirsə etsin, yenə də bir çox əməl etməyə ehtiyacı qalır Ali ədəb mövqeyindən çıxış edənin bir çox əməl etməyə ehtiyacı var, lakin hay verən yoxdur: onda ədəb tam pozulur və əməl etməyənlər zor gücü ilə rədd edilir Həqiqətən də Yol itiriləndə – kəramət özünü büruzə verir Kəramət itiriləndə – xeyirxahlıq və insansevərlik özünü büruzə verir İnsaniyyət itiriləndə – mənəvi borc hissi özünü büruzə verir Mənəviyyat itiriləndə – ayin və ədəb qaydaları özünü büruzə verir Ayin-ədəb doğru iman-vəfanın cecə-qabığıdır və qarğaşalığın başlanğıcıdır Səthi anlayış ilə heyran olmaq – cəhalətin başlanğıcıdır Böyük adam üzdəkinə çox fikir vermir – mahiyyət ilə məşğuldur, Gül ilə yayındırılmır – kök-toxum ilə məşğuldur"

39

"Əzəldən, hərə tək sadə bir şeydən ötrü çalışır-vuruşur: Göy çalışır təki tam aydın və təmiz olsun Yer çalışır təki tam sakit və sabit olsun Ruhlar çalışır təki sehrli quvvələri tam olsun Dərə-vadilər çalışır təki münbitlik və bolluq olsun Canlılar çalışır təki doğulsun, yaşasın Alilər çalışır təki yer ilə göyün arasında tam haqq-ədalət olsun Çünki sadəlik, vahidlik, bütövlük və tamamlıq - birdir Aydınlıq və təmizlik olmazsa - göy qarışmaq təhlükəsindədir Sükut və sabitlik olmazsa - yer dağılmaq təhlükəsindədir Sehrli quvvələri olmazsa - ruhlar sovrulmaq təhlükəsindədir Münbitlik və bolluq olmazsa - dərə-vadilər biyaban olmaq təhlükəsindədir Doğum-artım olmazsa - canlılar qırılmaq təhlükəsindədir Haqq-ədalət olmazsa - alilər devrilmək təhlükəsindədir Sadəlikdədir ucalığın kökü Alçaqdır ucaldılanın özülü Buna görə alilər özlərinə “fağır”, “yetim” deyərlər Bununla mı sadəliyə köklənirlər? Xeyir! Lakin əzəmətlilik də hələ ucalıq deyil Buna görə Nə yaşmanın şərəfi gərəkdir Nə də ki gəmbər daşın qabalığı"

40

"İnkar və əksinə dönmək – dəyişiklik yoludur Zərif və üzüyola olmaq – qüdrət yoludur Dünyada hər şey doğulur varlıqdan Varlıq isə doğulur yoxluqdan"

41

"Əsl xadim yol haqqında eşıdərək cidd-cəhd edər və yola düşər Adi adam yol haqqında eşıdərək gah çalışar, gah unutar Axmaq isə yol haqqında eşıdərək qəhqəhə çəkir Amma heç gülməyəndən də yol adamı şıxmaz Buna görə natiqlər cümlələri belə qoşublar: Yolun aydınlığı bir qaranlığa bənzər Yolda irəlləyiş bir qeriyə addıma bənzər Yolun ən rahat yeri çətin bir ilişiyə bənzər Kəramətin yüksək zirvələri boş bir dərəyə bənzər Böyük saflıq bir küfr ya biabırçılığa bənzər Kəramətdən bolluq – kəsir, kasıbçılığa bənzər Kəraməti yaymaq bir alçaqlıq ya oğruluğa bənzər Əsil bir həqiqət fani yalana bənzər Ən böyük sahənin sərhədi yoxdur Ən böyük istedadın faydası yoxdur Ən böyük səsi qulaq eşitməz Ən böyük gözəllik gözə görsənməz Yol gizlindir və isimlərin xaricindədir, Lakin hər bir şeyi o bitirir"

42

"Yol doğur Biri Bir doğur İkini İki doğur Üçü Üç isə doğur bütün varlığları Bütün varlıqların çevrəsindəki Zülmət (Yanq) Içindəki Nur (Yin) və Hər yana yayılan Boşluğun Nəfəsi (Çi) ahəng yaradır Göyün altında ən bədbəxt yazıq yetimlərdir Lakin alilər bilə-bilə öz-özlərinə belə deyir Bunları adamlardan öyrənmişəm Elə bunu da adamlara öyrədirəm: Amansız və zalım adam öz ölümü ilə ölməz Sözlərimin duzu, elmimin əsası - budur"

43

"Kainatın ən zərif və yumşağ maddəsi Ən möhkəm və güvvətliyə üstün gəlir Qeyri-maddi olan isə Ara olmayan yerdən də keçir Biəməl olmağın qədrini bundan bilirəm Sözsüz öyüd verib öyrətmək Biəməlliyin xeyirini görmək Hər kəsin qisməti deyil"

44

"Adın və şərəfindir mi daha əziz ya həyatın, mahiyyətin ozü? Varlıq ya varlılıq – hansı dəyərə yapışmaqdır seçimin düzü? Daha ağırdır mı qazanc uğrunda çəkilən zəhmət və ya itki kədəri, zərərin qara üzü? Həqiqətən, Ad-şərəfi seçən daha çox xərc edər Var-dövləti güdən – daha çox itirər Şükür edən isə üzüqara olmaz Hədd-qədəri bilənin bəxti bəd olmaz Ömrü uzun olar, əndişəsi olmaz"

45

"Ali yaradıcılıq dağıntıya bənzər: düzəlməzdir Tam dolğunluq boşluğa bənzər: tükənməzdir Böyük düzgünlük əyri gələr Böyük ustalıq sefehliyə bənzər Böyük fəsahət diliağır gələr Hərəkət soyuğun öhdəsindən gələr Hərəkətsizlik istiliyin öhdəsindən gələr Sakit aydınlıq isə dünyanı qaydaya salar"

46

"Dünyada hər şey yolundadırsa Yəhərlənməmiş atlar çəmənləri gübrələyir Dünya yolunu itirəndə Cəng arabalarına qoşulmuş atlar civarda çapır Ən yaman şər – şöhrətpərəstlikdir Ən acınacaqlı safalət - naşükürlükdür Ən acı cinayət – tamahkarlıqdır Həqiqətən, Kim qədərini bilər və kifayətlənər O adama həmişə yetərincə yetər"

47

"Evdən çölə heç çıxmayan da dünyanı dərk edib anlaya bilər Pencərədən baxmayan da göylərin yolunu aydın görə bilər İnsan nə qədər uzağa getsə bir o qədər də az bilər Arif Aqillər uzağlara getməmiş bilərdi Gözləri ilə baxmamış mahiyyəti görərdi Əməl etməmiş işlərini başa çatdırardı"

48

"Elm adamı gündə nə isə tapır Yol adamı gündə nə isə itirir İtə bilən şeyləri itirmək üçün heç bir şey eləmək lazım deyil Heç bir şey eləməyən isə bikar-avaraçılıq da eləyən deyil Aləmi əhatə edən daim biəməldir Öz işi ilə məşğul olan aləmi əhatə edə bilməz"

49

"Arif Aqilin öz dəyişməz könülü yoxdur Onun könülü elin min nəslinin könülləridir Yaxşı insanlara yaxşılıq edir Amma pis insanlara da yaxşılıq edir Bu cür yaxşılıq kəramətdəndir İmanlı insanlardan əmindir Amma imansızlardan da əmindir Bu cür əmniyyət kəramətdəndir Arif Aqil dünya ilə həmahəngdir, lakin bitərəfdir Dünyadan ötrü qəlblərini bulandıran elin min nəslinin gözləri və gulaqları vasitəsi ilə Arif Aqil hər şeyə körpə uşaq kimi diqqət yetirir"

50

"Doğmaq – həyata aiddir Batmaq isə – ölümə On nəfərdən üçü – doğulur üçü – batır üçü isə – həyatdan ötrü çapalasa da ölüm yerinə yaxınlaşır Niyə belə? Çünki yaşamağa yaman can atırlar Birinin də haqqında eşitməşəm ki, Dövri-həyatı tam qavrayan o Səfərdə kərgədanın və pələngin qorxusundan qaçmır Döyüşdə düşmən qorxusundan yaraq-əsləhə qeyinmir Kərgədan buynuzunu batıra bildiyi bir yeri tapmaz Pələng dırnaqlarını batıra bildiyi bir yeri tapmaz Silah ucunu batıra bildiyi bir yeri tapmaz Niyə belə? Çünki onun öləsi yeri qalmayıb"

51

"Yol törədir onları Kəramət bəsləyir onları Mahiyyət təşkil edir onları Şərait bitirir onları Buna görə də elə bir cisim yoxdur ki, Yoluna ehtiram etməsin, kəramətin qədrini bilməsin Yola onlar ehtiram edir, kəramətin qədrini onlar bilir: Bunu onlara hökm edən yoxdur – bu tam təbiidir Belə ki, yol törədir onları Kəramət bəsləyir onları, yetişdirir onları, saxlayır onları, bitirir onları, yetkinləşdirir onları, gözləyir onları, qoruyur onları Törədən və sahib olmayan Becərən və bunu iddia etməyən Yetişdirən və hökm etməyən Budur ulu kəramət"

52

"Dünyanın bir başlanğıcı var O başlanğıc - dünyanın anasıdır Madam ki, anasından xəbərin oldu – onun uşağını daha yaxşı tanıyarsan Madam ki, uşağını tanıdın – onun anasını daha da yaxşı gözləyərsən, və canını üzmədən xətərsiz yaşayarsan Tamahını kəs, nəfsinə idarə et – Ömrünün axırına kimi yorulmazsan Tamahına bax, iş-gücünə giriş – Ömründə canını qurtara bilməzsən Incəliklər görünürsə – deməli aydınlıq var Zəriflik qorunursa – deməli qüdrət var Bu bilikdən faydalanan, aydınlığa çıxıb, canının dərd-bəlasını tam yox edər Sabitliyə yiyələnməyin üsulu budur"

53

"Əgər mən yəqin biliyin carını eşitsəydim, Çıxardım ulu yola və Yalnız yoldan çıxmaqdan qorxardım Ulu yol düp-bə-düzdür, Amma camaat cığırlarda dolanır Saray cah-calal ilə bəzəkli Tarlaları isə alaq basıb Anbarlar tam boş... Naxışlı xələtlər geymək Iti qılıncı kəmərə asmaq Yeyib-içməkdə, var-dövlətdə israfçılıq etmək... Buna deyərlər – yolkəsərliklə öyünmək Bu yəqin yol-suzluqdur!"

54

"Düz-əməlli qurulmuş olan kökündən qırılmaz Düz-əməlli əhatə edən yana atıla bilməz Buna görə gələcək nəsillərdə də qurban kəsmək ənənəsi kəsilməz Bunu özündə yetişdirənin kəraməti doğrudur Bunu ailəsində yetişdirənin kəraməti boldur Bunu obasında yetişdirənin kəraməti sürəklidir Bunu ölkəsində yetişdirənin kəraməti tükənməzdir Bunu bütün dünyada yetişdirənin kəraməti tamdır Buna görə özündən ötrü – özünə bax Ailəndən ötrü – ailənə bax Obandan ötrü – obana bax Ölkəndən ötrü – ölkənə bax Dünyadan ötrü – dünyaya bax Aləmin bu qaydasını haradan bildim? Bundan!"

55

"Kəraməti dolğun olan insan körpə uşağa bənzər: Arı, əqrəb, ilanlar onu vurmaz Yırtıcı heyvanlar onu tutmaz Alıcı quşlar onu aparmaz Sümükləri yumşaq, əzələləri zəif, amma tutanda bərk yapışır Cinslərin əlaqəsindən xəbəri yox, amma ərkək gücü onda var, çünki toxumu artıq bütövdür Bütün gün qışqırır, amma səsi batmır, çünki ahəngi bütövdür Ahəngi duymaq – budur sabitlik Sabitliyi duymaq – budur aydınlıq Həyatı artırmaq – budur xoşbəxtlik Qəlbində ruhu bəsləmək – budur qüdrət Bir kəs yetkin olaraq üzülürsə – o Yolunda deyil Yolunda deyilsə – demək sonuna yaxındır"

56

"Bilən – söyləməz Söyləyən – bilməz O boşluğunu ört O qapılarını bağla O kəskinliyini poz O dolaşıqlığını həll et O şəfəqini azalt O toza bənzə Onda deyərlər: sirrə qovuşub Çünki Ona çatıb ona yaxın ola bilməzsən Ona çatıb ona özgə də ola bilməzsən Ona çatıb ona xeyir gətirə bilməzsən Ona çatıb ona ziyan da vura bilməzsən Ona çatıb ona ehtiram edə bilməzsən Ona çatıb onu təhqir də edə bilməzsən Buna görə aləmdə o belə dəyərdir"

57

"Düz olaraq dövləti idarə edərlər Bic olaraq müharibələr apararlar Biəməl olaraq aləmə yiyələnərlər Hardan bilirəm bunu? Ondan ki, Ölkədə nə gədər çox şeylər qadağan edilirsə, xalq bir o gədər kasıblaşır Camaatın mənfəət üsulları nə gədər çoxalırsa, üsyan bir o gədər yaxınlaşır Camaatın qabiliyyəti nə gədər artırsa, bir o gədər əcaib şeylər çoxalır Ölkədə əmr-qanunlar nə gədər çoxalırsa, oğru-quldur sayi bir o gədər artır Buna görə Arif Aqil deyir: Mən biəməl oluram, camaat isə öz-başına dolanır Mən sakit oluram, camaat isə öz-başına düzəlir Mən asudə oluram, camaat isə öz-başına dövlətlənir Mən qərəzsiz oluram, camaat isə öz-başına səmimiləşir"

58

"Hökümət bitərəf və biganə olanda, xalq tox və ürəyiaçıq olur Hökümət hər yerə nəzarət edəndə, xalq ac və hiyləgər olur Bədbəxtlik – budur xoşbətliyin bünövrəsi Xoşbəxtlik – budur bədbəxtliyin mənbəyi Hanı bunların həddi-hüdudu? Bunlar düzələn şey deyil Düzlük bunlara qeyri-adi gəlir Yaxşılıq bunlara qəribə gəlir İnsanlar azıb-çaşıb Özü də möhkəm və çoxdan Buna görə Arif Aqil düp-bə-düzdür amma ülgülənməmişdir Düzgündür amma heç kəsi incitmir Düzqəlblidir amma özbaşınalıq etmir Nur saçır amma göz qamaşdırmır"

59

"İsanları mı idarə edərkən, göylərə mı xidmət edərkən - əsas qənaətkarlıqdır Bir kəs qənaətkardırsa, deməli öncədən ehtiyat görər Öncədən ehtiyat görmək isə kəraməti toplamaq deməkdir Kəraməti toplayan hər şeyin öhdəsindən gələr Hər şeyin öhdəsindən gələlənin sərhədi bilinməz Sərhədi bilinməyən Vətənini tapa biləcək Ana Vətəninin özülünü tapan uzunömürlü ola biləcək Budur dərin kök və möhkəm əsas Əbədi həyatın və ölümsüzlüyün yolu"

60

"Böyük məmləkəti idarə etmək xırda balıqları bişirmək kimidir Dövlətə Yol nəsib olsa cinnlər kəramətini göstərməz Demək deyil ki, cinnlər kəramətini heç göstərəməz, ancaq o kəramət insanları incitməz Demək deyil ki, o kəramət insanları heç incitəməz, ancaq Arif Aqil də onları incitməz Bu ikisi bir-birini incitmiyəndə kəramətləri qovuşur və sakitləşir"

61

"O dövlət böyükdür ki, ən aşağı yerdə axan çayın ayağına bənzər - Bütün dünyanın axıb tökülən yerinə, Bütün dünyanın dişisinə Dişi həmişə sakit olduğuna görə erkəyə üstün gəlir Çünki sakitlik bir növ özünü-alçaltmaqdır Buna görə də Böyük dövlət özünü balaca ölkənin səviyyəsinə alçaldır və balaca ölkəni alır Balaca ölkə özünü böyük dövlətin qarşisinda alçaldır və böyük dövləti qəbul edir Belə ki, Biri özünü alçaldaraq alır O biri isə özünü alçaldaraq qəbul edir Böyük dövlət ancaq istər başqaları birləşdirib-dolandırsın Balaca ölkə ancaq istər başqalarla birləşib xidmət etsin Bunların ikisi də istədiklərinə çata bilsin deyə Böyük özünü alçaltmalıdır"

62

"Yol – hər bir cisimin sirli mahiyyətidir Saf insanınki – sirrlər xəzinəsidir Yaman insanınki – sığınacaqdır Tərif etməklə – ticarət etmək olur Ehtiram göstərməklə – ucalmaq olur İnsanlarda olan yamanlığdan bəs, Nə edib qurtula bilərsən? Buna görə Göylər Oğlu taxta çıxsa da Üç nazir təyin etsə də Ən böyük xəzinə sahibi olsa da Dörd atlı qoşum ilə getsə də belə Dizləri üstə oturub bu yolda kamilləşənlərlə ayaqlaşa bilməz Nə səbəbə görə bu yol qədimdən belə əziz və dəyərlidir? Demirlər bəs: axtaran – tapar, tövbə edən – bağışlanar? Buna görə dünyada o ali dəyərdir"

63

"Əməl biəməllilikdədir Iş asudəlikdədir Ləzzət dadsızlıqdadır Böyüklük kiçiklikdədir Çoxluğ azlıqdadır Pisliyin haqqını kəramətlə verərlər Yüngül məsələlərədə belə ağırlıq gərəkdir Xırda işlərin belə böyük vacibliyini duymaq gərəkdir: Ən ağır məsələlər yüngül məqamlardan ibarətdir Ən böyük işlər isə xırda incəliklərdən asılıdır Buna görə, Arif Aqil böyük işlərlə məşğul olmadan həqiqətən böyük iş görür Asanlıqla vəd verən etibar qazanmaz İşi çox asan bilən çoxlu çətinliklərlə üzləşər Buna görə Arif Aqil hər işi çətin bilir və heç çətinlik çəkmir"

64

"Rahat duranı saxlamaq asandır Hələlik meydana çıxmayanı düzəltmək asandır Kövrək olanı qırmaq asandır Xırda olanı səpələmək asandır İşini o yerdə gör ki, hələ bir şey meydana çıxmayıb Qaydanı o yerdə qoy ki, hələ bir nasazlıq yoxdur Gövdəsi bir qucum olan ağac xırdaca bir zoğdan başlayır Hündürlüyü doqquz qat olan qala bir kəsək torpaqdan başlayır Min ağac uzunluğunda belə olan yol bir addımdan başlayır Fəal məşğul olan – zərər çəkər\yetirər Tutub saxlayan – itirər Buna görə də Arif Aqil biəməldir və zərər çəkmir\yetirmir Heç bir şeyi tutub saxlamır və heç itirmir Çox vaxt insanlar bir işi həvəslə başlayır lakin axırına az qalmış müvəffəqiyyətsizlik ilə rastlaşırlar Onlar o vaxt müvəffəqiyyət tapar ki, işin həm əvvəlində həm də axırında diqqətli və ehtiyatlı olar Buna görə də Arif Aqilin yeganə istəyi – istəklərin olmamasıdır və o çətinliklə tapılan əşyaları dəyərli hesab etmir O digərlər öyrənmədiklərini öyrənir və digərlər yan keçdiklərinə diqqət edir Beləliklə, o hər şeyin təbii ozül-özəyinə riayət edir və təsir göstərməyə ehtiyat edir"

65

"Qədim zəmanənin yol ustadlarının niyyəti İnsanları maarifləndirmək deyil - Onları sadə və ürəyiaçıq etmək idi İnsanların məlumatı çox olanda onları idarə etmək çətindir Buna görə də, Ölkəni çoxlu məlumat vasitəsi ilə idarə edən – ölkənin oğrusudur Ölkəni çoxlu məlumat işlətmədən idarə edən – ölkənin xoş bəxtidir Bunların ikisini də anlayan qayda-qanunu duyar Qayda-qanunu daima anlamaq qabiliyyətinə kəramət deyərlər O kəramət nəcə də dərindir, necə də uzaqlara yayılır! Onun bütün cisimlərə qarşı olduğuna baxmayaraq Onlar ona təslim olur və böyük ahəng tapır"

66

"Çay və dəniz ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır ki, Yerləri əcəb aşağıdır – ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır Buna görə Arif Aqil İnsanlardan üstün olmaq istəsə – böyük-böyük danışmamalıdır İnsanların öndəri olmaq istəsə – özünü axırıncı hesab etməlidir Onda, Arif Aqil insanların üstündə olsa da belə – onlara ağır olmaz Arif Aqil insanların önündə getsə də belə – onlara ağır gəlməz Buna görə də, hamı ona hörmət etməyə şaddır və bundan çəkinmir O mübahisə etmir, buna görə də dünyada onun rəqibi yoxdur"

67

"Hamı deyir ki, yolum böyükdür, amma onun elə bil faydası yoxdur Aydın məsələdir – böyükdür, ona görə də faydası yoxdur Faydası bəlli olsaydı – çoxdan üzülərdi! Üç sərvət-dəyərim var – onları saxlayıb qoruyuram Birincisi – eşqi-nəzakət İkincisi – qənaət Üçüncüsü – hamıdan birinci olmağa cürət etməməyim Eşqi-nəzakəti olanın cəsarəti də olar Qənaəti olanın səxavəti də olar Hamıdan birinci olmağa cürət etməyən – ustad olar, hörmət qazanar İndiki camaat eşqi-nəzakəti buraxıb cəsarətli olmaq istəyir Qənaəti buraxıb səxavətli olmaq istəyir Arxa olmağı buraxıb öndə olmaq istəyir Ölərsiniz axı! Eşqi-nəzakətli bir kəs Hücumda da qalib gəlir Müdafiədə də tükənməzdir Göylərin qəyyumluğu altinda Onu eşqi-nəzakət qoruyur"

68

"Layiqli vəzifə sahibi lotuluq etməz Döyüşü əslən bacaran hirslənməz Düşmənə qalib gəlməyin yolunu bilən onunla kəllə-kəlləyə gəlməz İnsanları məharətlə idarə edə bilən öz işini başını aşağa salıb görər Budur danılmaz olanın kəraməti, Budur insanları idarə edə bilənin qüvvəsi Qədimdə belə insanlara deyərdirlər “Qütb”, “Göylərin tayı”"

69

"Mahir sərkərdələr belə deyir: “Vəziyyətin yiyəsi (hücum edən) olmağa cürət etmərəm qonaq (müdafiə edən) olsam ondan yaxşıdır Xırdaca olsa da irəlləməyə cürət etmərəm Bir addım geri çəkilsəm ondan yaxşıdır.” Buna deyərlər İrəlləmədən irəlləmək Əlsiz tutub-saxlamaq Düşmən olmayan yerdə onu yıxmaq Ordu işlətmədən onu mühasirəyə almaq Ən böyük fəlakət – rəqibə nifrət edib ona düz qiymət verməməkdir Rəqibinə nifrət edən mənim sərvət-dəyərlərimi məhv edib itirir Buna görə Ordular döyüşə hazır halda üz-üzə qarşılaşırsa Yalnız o anın matəmini duyan qalıb gəlir"

70

"Mənim sözlərimi anlamaq da asandır Onlara əməl etmək də asandır Lakin heç kəs anlaya bilmir Bir kəs də əməl edə bilmir Sözlərimin kökü dərindir Əməllərimin hakimi vahiddir Bunları anlamadığlarına görə məni də anlamır onlar Anlayan tək-tükdür deyə biliklərim dəyərlidir Arif Aqil cındıra bürünüb qoynunda bahalı qaş gəzdirənə bənzər"

71

"Bilmədiyini dərk edən – alidir Bildiyini anlamayan – xarabdır Yalnız xarab olmaqdan artıq bezən bir kəs Bu naxoşluğa nifrət edər, bu dərdi rədd edər Arif Aqilin dərdisəri, naxoşluğu olmur Cünki onun xarablaşması xarab olubdur Və buna görə də o xarab olmur artıq"

72

"Hakimiyyət ixtiyarının həddini aşanda insanlar ondan daha qorxmur Evlərinin içinə burnunu soxma Onların doğmalarına ziyan yetirmə Çünki, insana ziyan yetirməzsən O da ziyan yetirənlərdən olmaz Buna görə, Arif Aqil özünü göstərmir – özünü dərk edir Özünə qiymət qoymur – özünə hörmət edir Beləliklə birini rədd edib o birinə nail olur"

73

"Cəsarətini cürət etməyə yönəldən – öldürər Cəsarətini cürət etməməyə yönəldən – yaşayar Bunların ikisidə gah xeyirdir, gah ziyan Göylər qəzəblənəndə – kim bilər səbəbi nə? Bu məsələdə Arif Aqil də çətinlik çəkir Göylərin yolu budur: Heç mübahisə də etmir, amma əcəb qalib gəlir Heç dinmir də, amma əcəb cavab verir Heç dəvət etmir, amma hər şey özü qayıdır Necə də səxavətlidir ki, hər kəsin qisməti var Göylərin toru hədsiz-hüdudsuzdur Geniş gözlüdür, lakin bir kəsi qaçırtmaz"

74

"İnsanlar ölümdən qorxmur əgər Neyniyəsən ki – ölüm ilə qorxudasan onları? Təsəvvür edək, insanlar daima ölümdən qorxur Çünki mən təsadüfi insanları həbs edib öldürürəm Lakin bunu etməyə kim cürət edər ki? Qaydası ilə, insanları öldürən Ölüm Hökmdarıdır Ölüm Hökmdarı isə çapmağın ulu ustasıdır Çapmağın ulu ustasını əvəz etmək istəyən isə Çətin ola bilsin ki, öz əllərini yarmasın"

75

"Millət acdırsa, deməli onun başçıları ərzaq vergisini qaldırıb – Budur aclıq Milləti nizama gətirmək çətindirsə, deməli onun başçıları çoxlu vəd verir – Budur idarəetmənin çətinliyi Millət ölümə etina etmirsə, deməli tamamilə çörəkpulu qazanmağa həsr edib özünü – Budur ölümə etina etməmək Buna görə müdrük ol! Dolanışı hər şeydən yüksək tutmaqdan isə Tamamilə çörəkpulusuz qalmaq yaxşıdır"

76

"İnsan doğulanda yumşaq və incədir Öləndə isə bərk və möhkəm olur Min cür cisim – bitkilər belə – yaşadıqca yumşaq və kövrəkdir Öləndə isə qurumuş və solmuş olur Buna görə, güc və sərtlik ölümün yoldaşlarıdır Yumşaqlıq və incəlik isə – həyatın yoldaşlarıdır Ordusunun gücünə güvənən qalib gəlməz Möhkəm ağacın taxtası da hamıya lazım Möhkəm və böyük olan alçalır Yumşaq və incə isə – yüksəlir"

77

"Göylər yolu yaya çəkilmiş ipə bənzər: Yuxarıdakı ucunu aşağı endirir Aşağıdakını isə yuxarı qaldırır Artıq olan yerdə azaldar Kəsir olan yerdə artırar Göylər yolu – artığın üstündən almaq və kəsirin üstünə gəlməkdir İnsanların yolu isə əksinə – Qıtliğı olandan alıb, artığı olana bəxşiş etməkdir Artığlığını bütün dünyaya bəxş etməyi kim bacarar? Ancaq yol adamı Buna görə Arif Aqil Nə etsə də yapdığından yapışmır Şərəfi-nailiyyətində əylənmir Məharətini gözə çarpdırmaq istəmir"

78

"Dünyada su qədər yumşaq və üzüyola olan bir şey yoxdur Amma bərk və möhkəm bir şeyi oymaqda da onun bərabəri yox O yenilməzdir! Yumşaqlıq bərkliyə qalib gələr Üzüyola olan inadkara qalıb gələr Dünyada bunu bilməyən yoxdur Amma buna əməl edən də yoxdur Buna görə Arif Aqil buyurur ki, Vətəninin çirkini alana “dövlətin ağası” deyərlər Ölkənin qadasını alana “dünyanın hakimi” deyərlər Doğru kəlmə ziddiyətə bənzər"

79

"Saziş yaman işdir – nəticədə kiminsə acığı qalsa əgər Əmin-amanlıq olsun deyə bu işdə məharət gərəkdir Buna görə Arif Aqil sazişin öz tərəfini güdür Və digər tərəfin öhdəliklərini tələb etmir Kəramətli insan sazişi gözləyər Kəramətsiz insan – toplayacağını Göylər yolu bitərəfdir Lakin mahir insan üçün hər zaman açıqdır"

80

"Yaxşısı - xırda kənd, kiçik əhali Qoy min cür cihaz olsun – onları işlətməyə ehtiac olmaz Qoy camaat ölümə ciddi yanaşsın – dünyasını dəyişməkdən çəkinən olmaz Qayiğ-araba olsa da – minib gedən olmaz Yaraq-əsləhə olsa da – qeyib göstərən olmaz Qoy camaat yenidən qayıtsın ip düyünlərinə – yazı əvəzinə onları işlətsin Həyatları ilə razı olarlar Pay-qismətləri ilə qane olarlar Ocaqları salamat olar Adətləri səadət olar Kənd qonşuları bir-birini görər İt-xoruz bir-birini eşidər İnsanlar qocalıb rəhmətə gedər Və heç kəsin onlarla işləri olmaz"

81

"Düz söz xoş olmaz Xoş söz düz olmaz Bilən bəhs etməz Bəhs edən bilməz Bacaran çox bilməz Çox bilən bacarmaz Arif Aqil sursat yiğmır Başqalara qulluq etdiyi qədər malik olur Başqalarla bölüşdüyü qədər əldə edir Göylər Yolu – xeyir gətirmək və zərər yetirməməkdir Arif Aqilin yolu – qulluq etmək və çəkişməməkdir"
Loading…
Loading the web debug toolbar…
Attempt #